Обо мне

Моя фотография
KAMIL INSAN HEYATIN BUTUN SEHNELERININ QEHREMANIDIR...

пятница, 23 июля 2010 г.

Allah butun shehidlerimize rehmet elesin

“Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin”.




Bu sözlər cəbhənin Tərtərin Çaylı kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgərini öldürərək qəhrəmancasına şəhid olan Milli Ordunun 22 yaşlı giziri Mübariz Ağakərim oğlu İbrahimovun valideynlərinə ölümündən bir gün qabaq yazdığı məktubdandır.



Mübarizi doğulub boya-başa çatdığı Biləsuvar rayonunda hamı tanıyır. Mübarizin atasının evi Biləsuvar rayonunun Əliabad kəndindədir. Kəndin girəcəyində yerləşən orta məktəbin yanında bir ev var. Evin həyətində Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Kənddə yaşayanlar bu evin Ağakərim İbrahimovun olduğunu deyirlər.



Mübarizin atası oğlunun gələcək haqqında danışdığı sözləri xatırlayır: “Hərdən ”Zalımın düşməni, məzlumun dostuyam”, “Ata, fəxr et ki, sənin manqal ürəkli oğlun var” kimi sözlər deyərdi. Hərbi hissədə də hamı ondan razılıq edirdi. Komandiri ondan tərif dolu məktublar yazardı. Oğlum bir dəfə dedi ki, gizir olmaq istəyirəm. Dedim, Daxili Qoşunlarda qalardın, şəhərin içidir, sənə rahat olar. Dedi ki, mən paytaxtda qalsam, millətimə qarşı çıxmayacağam. Birdən aksiya və mitinqlər zamanı insanları dağıtmaq üçün göstəriş verə bilərlər. “Mən öz millətimin insanlarına əl qaldıra bilmərəm”, – deyirdi. Artıq məni də özünə uyğunlaşdırmışdı. Ora da gedəndən sonra belə oldu. Hətta bir dəfə əsgərləri döyən bir yüksək rütbəli şəxsə etiraz edib. Əsgərləri söydüyünə görə onunla dava da edib. O, əsgər yoldaşlarını müdafiə edər, onları çox istəyərdi”.



Mübarizin uşaqlığından danışan ata onun vətənə bağlı bir gənc olduğunu deyir: “1994-cü ildə Mübariz birinci sinfə gedib. Məktəbdə əlifba bayramı keçirilirdi. Mən özüm toylarda və şənliklərdə oynayan insan deyiləm. O, əsgər mahnısı çaldıraraq təkid etdi ki, mən də onunla oynayım. Əslində bu hadisə mənim yadımda elə də qalmamışdı. Bu yaxınlarda onun müəllimləri mənə danışdı. Hər bir vəchlə vətən bayrağını ucalığa qaldırmağı düşünürdü. Namaz qılardı. Çox tərbiyəli idi. Ən acığı gələn şey yalan və rüşvət idi. Rüşvət alıb-verən insanlara pis baxardı. İki yol seçmişdi. Deyirdi ya hərbçi olacaq, ya da idmançı. Onun daxilindəki vətən, torpaq sevgisi çox böyük idi. Bu sevgiyə qapanmışdı”.

Ağakərim kişi o məşum xəbəri necə aldığından da danışdı. Nə qədər ağır olsa da: “Hadisənin səhəri günü tezdən saat 5-6 arasında mənə zəng gəldi. Soruşdular ki, oğlunuz evə gəlməyib ki. Hətta bildirdilər ki, çoxlu silah götürüb və ərazidən uzaqlaşıb. Dedim, mən oğlumu tanıyıram, sərhəddə tərəf gedin. Sonra da məktubunu tapmışdılar. Danışanda da deyirəm ki, o, mənə qalib gəldi, arzusuna çatdı.

Hadisədən bir gün qabaq bizə zəng vurmuşdu. Demə, ayın 17-də bunu edəcəkmiş. Sadəcə həmin gün kağız tapa bilməyib. Daha sonra gecə saat 11-də telefonla mənə zəng vurdu. Nəsə demək istəyirdi, amma hiss edirdim ki, deyə bilmir. Soruşdum xəstələnməyibsən ki. Özünü toplayıb dedi, heç bir şey yoxdur, narahat olmayın. Səhəri günü isə kağızı tapıb və bu məktubu yazıb. Hətta bir əsgər bunun arxasınca gəlirmiş. Hara getdiyini soruşurmuş. O da əsgərin üstünə qışqıraraq, “qayıt, dala, sənlik deyil”, deyib. Həmin hərbi hissədə də olmuşam. Hamı Mübarizdən danışır. İrəliyə də getdim. Həmin tərəflərə baxdım. Amma…”

Şəhid atası bunu deyir və gözləri dolur. Danışmağa çətinlik çəkir. Qardaşı isə Mübarizin sözlərindən sitat gətirir. Deyir ki, Mübariz “mən evlənməyəcəm, mənim yolum başqadır”, kimi sözlər deyərmiş.



***



Indi hamı qəhrəman Mübarizdən danışır. Bu igidə dövlətimiz milli qəhrəman adı verməlidir – o, əsil milli qəhrəman kimi savaşıb, bir neçə düşməni öldürüb, geri çəkilməyib və vuruşa-vuruşa da şəhid olub.

Onu unutmayaq. Yeri behişt olsun. Vətən sağ olsun…

Комментариев нет:

Отправить комментарий